Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunun daha iki kəndinə, Əlikənd və Ramal kəndlərinə təbii qaz verilib

25 dekabr 2018 | 16:00

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir.

Bu məqsədlə, 2018-ci il dekabrın 25-də Ucar rayonunun Əlikənd və Ramal kəndlərinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdur. Keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Bildirilmişdir ki, ümumilikdə 321 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 33 min 532 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı eləcə də paylayıcı qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər